вторник, 14 апреля 2015 г.

Kinomuza verilən işgəncə və ya - “Biznesmenə” film demək olarmı?

Nizami Kino mərkəzində “100 kağız” adlı “şedevrin” təqdimatından bir həftə keçməmiş həmin məkanda daha bir filmin –“Biznesmen” adlı “kinofilmin” ilk nümayişi keçirildi. Və oraya yollananda sanki “dejavu” yaşadım. Yenə klipmeykerdən rejissor olmaq cəhdi, yenə komediya çəkmək arzusuyla yaranan filmin daha çox rejissura tragediyasına bənzəməsi, yenə acı reallığın məhv etdiyi şirin iddialar və yenə əbəs yerə itirilmiş tamaşaçı vaxtı. Amma yox, tanınmış və tanınmaq arzusunda olan simalar bu vəziyyətdən də yarınmağı bacardılar. Kimisi müsahibə verirdi, kimisi fotosessiya çəkdirirdi, ən zəifləri isə “selfie" ilə kifayətlənirdi.Yəni, “Biznesmen”dən istifade edib hərə öz biznesi ilə məşğul idi.

Biz isə qayıdaq kinomuza. Daha doğrusu, klipmeyker Nail Naiboğlunun çəkdiyi bu geniş videoçarxa. Çünki, bunu kuno adlandırmaq (bu da təəssüf, tək mənim fikrim deyil) kinomuza təhqir olardı. Gördüyümüzə “kinoya verilən işgəncə” desək, daha doğru olar. Özünüz düşünün. İlk 15-20 dəqiqəsi eyni məkanda çəkilən, ortası yaddaşlardan silinmiş və özünü müğənni kimi qələmə verən bir şəxsi təbliğ edən, hansısa bir məkanı, hər hansı bir məbləğ müqabilində həyasızcasına və ifrat dərəcədə təbliğ edən, gözəl simalar yığıb, onlara əcaib mətnlər oxudan, məntiqi bağlantısı olmayan videogörüntülərə “kino” demək olarmı? Anar Nəcəfli kimi istedadlı diktoru istedaddan kənar olan bir ssenari ilə ğülünc vəziyyətdə qoyan, xanım kimi gözəl, lakin müğənni kimi  parlamayan Kəmalə Qaramollayevanı nə məqsədlə bu filmə cəlb edildiyi bilinməyən bu məhsula “kino” demək olarmı? Ümümiyyətlə, bu bir-biriylə çox vaxt heç bağlı olmayan görüntülərə, süjet xəttinin nədən bəhs etdiyi sonadək bəlli olmayan çəkilişlərə və sonu sanki əlacsızlıqdan kəsilən bu “əsərə” kino demək olarmı? 

Bəli, Nail Naiboğlu yaxşı oğlan ola bilər, lakin “yaxşı oğlan” nə peşədir, nə də ki, peşəkarlıq. Və bu təqdimat bir daha ğöstərdi ki, iddialı insanlar bizim mədəniyyət aləmində kifayət qədərdir, amma onların əksəriyyəti bu idiaları təmin etmək iqtidarında deyillər. Təssüflər olsun ki, onların bu yersiz iddialarına kənardan da heç kəs müdaxilə etmir. Əksinə, proyekt adlandırdıqları cızmaqaralarına sponsor da tapılır, hansısa qurumlar dəstəyini də əsirgəmir. Nəticədə isə, ortaya “ev videosuna” oxşar bir məhsul çıxarılır və elə evdə də, yəni Azərbaycanda da qalır. Cünki, hətta dünənki “dəstək qrupu” bu gün anlayır ki, belə məhsulu heç özümüzə “yedizdirmək” olmur, qaldı ki, özgələrə. Bu da ona gətirib çıxardır ki, nə klip kimi kliplər çəkə bilirik, nə də kino kimi kino. Sonra da bəzi “vətənpərvərlərimiz” çıgır-bağır salırlar ki, niyə “Made in Azerbaiycan” məhsulunu əcnəbilərə həvalə edirik...

 

Комментариев нет: