четверг, 16 апреля 2015 г.

"Məni var edən bu torpağa təşəkkür edirəm" - fotolar


Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə rol aldığı "Son məktub" filminin Bakıdakı qala gecəsinə qatılıb.
Axşam.az-ın məlumatına görə, o, filmlə bağlı təəssüratlarını bölüşərkən göz yaşlarını saxlaya bilməyib:
"Çox əziyyətli bir iş idi. Rejissor Özhan Aran bizə ssenarini danışarkən ağladı və bizi də ağlatdı. Filmə baxan hər kəs necə qəlbə toxunan bir mövzu olduğunu görəcək. Bu gün yarpaq kimi əsirəm. "Son məktub" rol aldığım onuncu filmdir. Amma çox həyəcanlıyam. İlk dəfə öz vətənimdə baş rolda çəkildiyim kinonun nümayişi olur. İlk dəfə xalqım mənim nə iş gördüyümün şahidi olacaq. "Son məktub" yüz ölkədə nümayiş olundu. Heç biri mənim üçün Bakı, Azərbaycan qədər əziz deyil. Məni var edən bu torpağa təşəkkür edirəm. Bu gün xalqımla rol aldığım filmi birlikdə izləmək böyük zövqdür".
N.Cavadzadə Bakıdan film təklifləri aldığını deyib:
"Azərbaycanda filmə çəkilməyi çox istəyirəm. Öz ölkəmin insanları, aktyorları ilə bir araya gəlmək mənə xoş olardı. İki dəfə təklif almışam. Bu yaxınlarda qorxu janrında olan “Son səhnə” adlı filmə dəvət olundum. Amma şərtlərlə razılaşmadıq. Türkiyədə yaşadığıma və orada çalışdığıma görə, Bakıda uzun müddət qala bilmərəm”.
Aktrisa səhnədə niyə ağladığına aydınlıq gətirib:
“Rol aldığım filmlərin heç birinin qalasında bu qədər həyəcan keçirməmişəm. Peşəkar aktrisayam, çıxışlara öyrəşmişəm. Sadəcə, ilk dəfədir öz xalqımın qarşısındayam. Bu qədər alqış, diqqət gözləmirdim. Bakıya hər il gəlirəm. Yaxınlarım burada yaşayır. Amma media qarşısına böyük işlərlə keçməmişdim. Bir aydan sonra rol aldığım “Quzu” filminin qalası olacaq. Onun Bakıda nümayiş ediləcəyinə inanmıram. Çünki sözügedən ekran işi daha çox festival üçün nəzərdə tutulub. “Quzu”, mən və filmin rejissoru “Altın portağal” mükafatına namizədik”.
Zəhra ƏHMƏDOVA
 
 

 

 

 

 

 

 

 

Комментариев нет: