“Nabat” tammetrajlı bədii filmi İstanbulda festivalda iştirak edir.
ANS PRESS-in “Azərbaycanfilm” kinostudiyasından aldığı məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filmi aprelin 4-dən 19-dək keçiriləcək 34-cü İstanbul Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək.
Film “Yeni bir baxış” proqramında müxtəlif ölkələrin istehsalı olan 15 filmlə birgə yer alıb. Festivalın bəyannaməsinə görə, bu proqramda ilk və ya ikinci filmi ilə dünya kinosuna fərqli bir üsul gətirən gənc rejissorların beynəlxalq film festivallarında rəğbət qazanan gələcək klassik əsərləri nümayiş olunur.
Qeyd edək ki, Türkiyədə ilk dəfə nümayiş olunacaq filmimizin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.
Комментариев нет:
Отправить комментарий