пятница, 10 апреля 2015 г.

Teleaparıcı Səma Abbasova: "Buna haqqım yoxdur" - Fotosesiya

Teleaparıcı Səma Abbasovanın Milli.Az-a müsahibəsi.

- Səma xanım, ilk dəfə kamera qarşısına keçəndə ağlınıza gələn nə oldu?

- Bu uzun zaman əvvəl olub, haradasa on bir il əvvəl... Sözün düzü, yadımda deyil, amma yəqin ki, həyəcandan ağlıma heç nə gəlməyib.

- Efirdən özünüzə baxanda özünüzü olduğunuz kimi görürsünüz?

- Həyatda ikili oyun oynayan insanları sevmirəm. Məşhur bir kəlam var - Ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Maksimum dərəcədə səmimiyyətimi qoruyub saxlayıram, çünki bir tamaşaçı üçün hər nə qədər maraqlı layihə olursa-olsun, aparıcı qeyri-səmimidirsə, o sevilməz və baxılmaz.

- Ailə həyatı qurmusunuz?

- Bəli, ailəliyəm.

- Niyə məhz mətbəxlə bağlı veriliş aparırsınız?

- Mən xəbər aparıcısı olmuşam. Xəzər TV-də əvvəlcə müxbir kimi sınanmışam. Amma aparıcı kimi dəvət alanda hər nə olursa-olsun, mətbəx verilişi olmaz deyə bir fikrim var idi. Lakin rəhbərliyin mənə “Maksim Qalkin də həm çox ciddi verilişlər aparır, həm də mətbəx verilişi” deməsi sözün yaxşı mənasında mənə bir qıcıq verdi və dedim ki, mən onu bacardığımı sübut edərəm. O bacarıram, bu bacarıram - artıq iki ilə yaxındır (gülür). Yeni başlayanda “bacarıram”ı sübut etmək üçün gəldiyim veriliş bu gün mənim üçün çox doğmadır. Hesab edirəm ki, mənəm-mənəm deyən aparıcıları məhz mətbəx verilişində sınamaq lazımdır. Hərdən olur ki, qulağıma çatır. Deyirlər ki, mətbəx verilişini aparmağa nə var ki?.. Nə bişirirsən?.. İçərisində hansı inqredientlər var?.. Bitti. Yaxşı, bəs sonra?.. O “sonra” artıq qalır sənin qabında olana. Çünki veriliş dörd-beş sualla bitmir. Başqa verilişlərdə tamaşaçını cəlb etməyin min yolu varsa, burada bir yolu var. Bu gün mətbəx verilişinin aparıcısı olduğum və bu verilişdə sınağa çəkildiyim üçün çox şadam. Düşünürəm ki, bəzən məsləhətə qulaq asmaq lazımdır.

- Məsləhət demişkən, “iki daş”ın arasında qalanda kiminlə məsləhətləşirsiniz?

- Ailəmlə.

- Bişirməklə aranız yaxşıdır, yoxsa yeməklə?

- Zamanına baxır. Elə də olur, belə də. Amma bu verilişdə çox şey öyrənmişəm. Öyrəndiklərimi tətbiq edib tərif eşidəndə çox şad oluram.

- Səsiniz mikrofonsuz da bərk çıxır?

- Bu sual ikibaşlı sualdır (gülür). Hər iki mənada səsim mikrofonda olduğu kimi çıxır. Məni güclü edən mikrofon deyil.

- Sizdə ikrah hissi yaradan nələrdir?

- İnsan...

- Efirdənkənar hansısa bir işlə məşğul olursunuz?

- Xeyr, amma düşünürəm ki, sığorta üçün olmalıdır. Sabah efirdə olmasam da, efirarxası işləri bacardığım üçün bir o qədər də narahat deyiləm.

- Qulağınız özünüz barədə çox qeybət eşidir?

- Ümumilikdə buna şərait yaratmamağa çalışıram. Amma insan həyatda heç nədən sığortalanmayıb. Allah bizi böhtandan qorusun!

- Sakitliyə çəkilib nə barədə düşünmək istərdiniz?

- Şükürlər olsun ki, Tanrı mənə elə bir sınaq verməyib ki, onun barəsində sakitlikdə uzun-uzadı düşünmək istəyim olsun. Lakin gərgin bir iş ilinin sonunda təbiətin qoynunda istirahətə çəkilməyə hamı kimi mənim də ehtiyacım var.

- Əsəblərinizi son həddə çatdıran nədir son zamanlar?

- Son zamanlar cinayət hadisələrinin bütün çılpaqlığı ilə mətbuatda yayımlanması əsəblərimi son həddə çatdırır. Məncə, bu yolverilməzdir. Cinayət hər zaman olub. Amma bu gün mətbuat onu qabardaraq əsəbləri zəif olanlara bir yol göstərir, zənnimcə. Qoyun hərə öz işi ilə məşğul olsun. Cinayəti öyrənmək polisin işidir, mətbuatın yox.

- Təəssüf hissi ilə qarşıladığınız hadisələri tez unudursunuz, yoxsa həmişəlik hafizənizə həkk olunur?

- Ümumilikdə kinli insan deyiləm. Amma unutqan da deyiləm. Bu işlərdə, məncə, illər və yaş öz sözünü deyir.

- Daxilinizlə xariciniz bir-birini tam şəkildə tamamlayır?

- Bunu məni sözün əsl mənasında tanıyanlar deyə bilərlər.

- Sizin üçün pis günün ömrü az oldu, yoxa pis günləriniz az oldu?

- Mən həyatımdan narazı insan deyiləm. Buna haqqım da yoxdur. İnsan gərək hər bir halında ətrafına, baş verən hadisələrə baxıb şükür etməyi bacarsın. Əgər bir günü salamatlıqla başa vurursansa, ona şükür etmək lazımdır. Günün pisi, yaxşısı olmaz. Onu yaxşı edən də, pis edən də insan özüdür. Pis günün ömrünü uzadıb-qısaltmaq üçün də insana ağıl verilib.

Комментариев нет: