понедельник, 20 апреля 2015 г.

"Toyumdan bir gün sonra o xəbəri eşidəcəksiz"

Meyxanaçı Namiq Qaraçuxurlunun qafqazinfo-ya müsahibəsi: 
 
- Yaradıcılığınızda hansı yeniliklər var?
- Böyük yenilik yoxdur. Sənətim üzərində işləyirəm, yeni mahnılar yazdırıram. Meyxanalarım var ki, bir neçə dəqiqə davam edir. Onları televiziya və radio üçün hazırlayıram. Mahnılarımı studiyada 30 dəqiqəlik albom kimi hazırlayacam, bu da meyxana həvəskarlarını sevindirəcək. Klip çəkdirməyi çox istəyirəm. Uzun müddətdir ki, klip çəkdirmirəm. Özümü klipdə görmək üçün darıxmışam. Yaşımla əlaqədar necə göründüyümə baxmaq istəyirəm.
 
- Namiq Qaraçuxurlu duet ifa etmək istəyirmi?
- Hər an duet ifa edə bilərəm. Sənət dostlarım duet oxumağı təklif edirlər, sonra yadlarından çıxır. Yaşı çox olan xanım müğənnilərlə duet oxumaq istəyirəm. Mahnı hazırlayıram, ana ilə balanın söhbəti olacaq. Düşündüm ki, xanım müğənnilər kapriz edərlər ki, niyə yaşlı görünməliyəm? Sonra dedim ki, mən özümü klipdə yaşlandırım, ata-balanın dueti olsun. Amma bu mahnı hər dəfə səslənəcəksə, yaşlı obrazımda olmağım doğru olmaz.
 
- Müsahibənizin birində demisiniz ki, xalq artisti Aygün Kazımovanın ən uğurlu duet ortağı mənəm. Necə düşünürsünüz, Aygündən sonra Namiqin uğurlu duet ortağı olacaqmı? Yoxsa sizin də ən uğurlu duetiniz Aygün Kazımova ilə olub? 
- Hələ ki, kiminlə duetimin uğurlu alınması haqda düşünməmişəm. Snup Doqla Aygün xanımın dueti daha möhtəşəmdir və dünya səviyyəsindədir. Lakin tamaşaçıların sözlərindən başa düşdüm ki, ən uğurlu bizim duetlərimizdir. Tamaşaçılar hələ də bizim duetləri istəyirlər. Ümumi götürəndə Aygün xanımın ən uğurlu duet ortağı mənəm. Düşünürəm ki, Aygün xanımdan sonra uğurlu duet ortağım olmayıb. Kiminlə olacağını bilmirəm.
 
- Aygün xanımla yenidən duet ola bilərmi?
- Təbii ki, yenidən duet ifa edə bilərdik. Duet ifa etməməyimizdə tək günahkar media əhlidir. Aygün xanımla birlikdə görünən kimi mediada müxtəlif yazılar dərc olunur. Bu məni qorxudur. Heç vaxt insanların yanlış fikirlərindən çəkinib geri addım atmamışam. Doğru bildiyimi etmişəm. Hazırda Aygün xanımla duet ifa etməyimiz doğru olmaz. Şəxsi məsələlərim var. Bunlar həyata keçməlidir. Şəxsi işlərim yoluna düşdükdən sonra duet oxuya bilərik. Düzü, mediadan qorxuram.
 
- Aygün Kazımova ilə bir araya gəlmək şəxsi həyatınıza təsir edir, münasibətlərinizdə problem yaradırmı? 
- Hər zaman çalışıram ki, sənətim şəxsi həyatıma ziyan vurmasın. İşimlə əlaqədar istər-istəməz yanlış məlumatlar yayılır. Bu xəbərlər nəinki şəxsi həyatıma, hətta əsəblərimə təsir edirdi. Ona görə Aygün xanımın efirdə adını çəkmirdim, onun haqda danışmırdım. Çünki çoxlu lazımsız xəbərlər yazılırdı. Aygün xanım haqda indi-indi danışıram. Şükür ki, hələ başağrı yoxdur.
 
Aygün xanımla haqqımda yayılan məlumatlar şəxsi həyatıma böyük təsiri yoxdur. Artıq əsəblərimə təsir etmir. Amma yenidən duet hazırlasaq, lazımsız söz-söhbətlərə rəvac verəcəyik. Mən də, qarşı tərəf də duet oxumağın doğruluğuna inansaq, o zaman ifa edəcəyik.
 
- Namiq bəydən toy xəbərini nə vaxt eşidəcəyik?
- Toy xəbərimi toydan bir gün sonra eşidəcəksiniz. Caduya, gözə, əvvəlcədən danışmağın düşməzliyinə inanan biri deyildim. 36 yaşımda bu cür şeylərin olmasına inanmağa başlamışam. Əvvəlcədən demək məsələsi mənə düşmür. Mediaya hansı açıqlama vermişəm, o işim alınmayıb. Bu il evlənmək fikrim var. Dəqiq nəticə olanda açıqlama verəcəm.
 
- Mediada tez-tez övladlarınıza vaxt ayırmamağınız, onlara baxmamanız haqda xəbərlər dərc olunur. Bu haqda nə deyə bilərsiniz?
- Bu söhbətlərin insanlar üçün maraqlı olduğunu bilirəm. Bu mənə aid olan söhbətlərdir, məndə qalmasını istəyirəm. İnşallah, nə zaman yaşlanaram, qocalaram, o zaman bu haqda geniş danışaram. Bu məsələlər şəxsidən də şəxsidir. Ona görə bu haqda açıqlama vermirəm.
 
- Yəni övladlarınızı görmürsünüz?
- Övladlarım haqda açıqlama vermirəm. 
 
- Tez-tez şou-biznesdən getməyiniz haqda açıqlama verirsiniz. Namiq həqiqətən şou-biznesi tərk edir?
- Bir çox sənət adamları bu cür piar məqsədli açıqlamalar verib. 15 il bundan əvvəl Səməd Səmədov vida konserti edirdi. Amma neçə ildir səhnədədir. Bu mənim piarım deyil. Mən sənətimi sevirəm və səhnədən getmirəm. Sadəcə verilişlərə getmək istəmirəm. Verilişlərin vəziyyəti pisdir, insanlar çox qəribələşiblər. Verilişə gedirsən və özünü sənətçi kimi hiss etmirsən. Özünü döyüşdə hiss edirsən. Efirlərdən bir az uzaqlaşıram. Bu uzaqlıqda bir qalibiyyət var. Çünki sənətimlə məşğul olacam, mahnılar yazdıracam.
 
- Bir çox sənətçilər də verilişlərdən narazılıq edir. Düşünürlər ki, verilişlərdə aparıcılar tərəfindən alçaldılırlar.
- Bu fikirlər məndə də yaranıb. Düşünürəm ki, efirlərə çox getməyim. Bir neçə verilişdə bu cür hallar yaşandı. İnsanlardan hansı hörməti qazanmışamsa, teleaparıcı da mənə o cür hörmət etsin. Artıq hörmət istəmirəm. Elə verilişlər var ki, orada qonaq olmağa ehtiyacım yoxdur. Amma aparıcının, rəhbərin xətrinə dəstək olmağa gedirəm. Amma adamın qədrini bilmirlər. Düşünürlər ki, o proqramda iştirak etmək üçün ürəyin gedir. Bir verilişdə böyük hörmətsizlik gördüm, proqram bitəndən sonra səhəri gün mənə atmacalar atdılar. O zaman verilişlərə getməyə nöqtə qoydum. Həmkarlarımla razıyam, teleaparıcılarımız tez ulduz xəstəliyinə tutulurlar, gözləri ayaqlarınını altını görmür, proqramına gələn sənətçilərə yuxarıdan-aşağı baxırlar. Ona görə də yaxşı sənətçilər efirdən uzaqlaşırlar. Efir lazımsız ifaçılarla doludur. Ətirlə, müxtəlif hədiyyələrlə efirə gələn insanlar bu gün televiziyadadırlar. Yaxşılar isə kənarda qalıblar, belə başa düşürəm ki, getdikcə vəziyyət pis olacaq. 
 
Televiziyalarda gözəl verilişlər də var, oraya dəvət edəndə sevinə-sevinə gedirəm. 
 
- Bəs həmkarlarınızın hansı xüsusiyyətlərini bəyənmirsiniz?
- Danışmağım qeybət kimi çıxır. Amma düzünü demək istəyirəm. Şou-biznesdə 80% nə varsa, onu bəyənmirəm. Bu aləmə gələn insanların çoxu qəribədir. Biri sənə toyla acıq verir, biri imkanlı dostları ilə acıq vermək istəyir. Şou-biznesdə sünilik var, səmimiyyət yoxdur.

Комментариев нет: