- Nə üçün məhz ifaçı oldunuz?
- Çünki bunu istəyirdim. Hiss edirdim ki, müğənni olacam. Bu işə sevgim var idi. Arzum o idi ki, ifaçı olum və şükür, arzuma çatdım.
- “Yeni ulduz”a gələn Sevda və indiki Sevda... Nə kimi dəyişikliklər var?
- O vaxtı uşaq idim. İlk addımlarım idi. Ancaq illər insanı dəyişir, kamilləşdirir. Kimisi yaxşıya doğru, kimisi pisə doğru... Şükür, mən yaxşıya doğru dəyişdim. İndiki Sevda daha yaxşıdır, daha maraqlıdır.
- Heç ulduz xəstəliyinə tutulmusunuzmu?
- Mən ulduzam, bunu bilirəm. Amma səhnədə. Adi həyatda bunu insanlara nümayiş etdirmək yersizdir. Adi həyatda sən həmin insanlarla eyni olmalısan, yekəxanalıq etməməlisən. Mənim baş gicəllənmələrim olmur.
- Amma kənardan əksinə, yekəxana kimi görünürsünüz.
- Qulaqlarım qan ağlayır bu sözü eşitməkdən. Çox adam məni elə bilir. Amma əslində, elə deyiləm. Bu, mənim görünüşümdü. Məni xarakterizə etmək üçün məni yaxından tanımalısan, belə deyərdim.
- Həyatda necəsinizsə, səhnədə də eynisinizmi?
- Yüzdə yüz elədi. Efirdə necə sakitəmsə, həyatda da elədi. Adi həyatda bir az zarafatlar, sərbəstlik daha çox olur. İnsan istəsə də, efir etikası var, ona görə səhnədə tam sərbəst ola bilmir.
- Bu illər ərzində sizə kim dəstək oldu? Ən böyük dəstəkçiniz kim oldu həyatda?
- Ailəm. Çünki onlar da bilir ki, mən uşaqlıqdan bu sənətin arzusunda olmuşam. Həmişə istədiyim bir şeyi əldə etmək üçün mən özüm-özümlə mübarizədə olmuşam.
- Bəs sənətinizdə istədiyiniz pillədəsinizmi?
- İstədiyim pilləyə hələ var. Amma bugünkü yerimdən də narazı deyiləm. İnsanlar məni gözəl pillədə yerləşdiriblər. 10 il müddətində uğurlarım az olmayıb. Məncə, insanların gözündəki mövqeyim çox yaxşıdır. İnsan şükür etməyi bacarmalıdır. Bu gün insanların sevgisini qazanmışamsa, deməli, xoşbəxt insanam. Uşaqlıqdan sevib, məşğul olduğum iş məni peşman etmədi.
- “Tut əlimdən” mahnısının xüsusi bir hekayəsi varmı?
-Yox, heç bir hekayəsi yoxdur. Sadəcə, həmin mahnı mənim səsimə uyğun idi. Eşidən kimi çox bəyəndim, ifa etdim. Səhər gördüm ki, mahnı artıq hitə çevrilib.
- Necə xanımsız?
- Şən, zarafatcıl, həyatda tək özü üçün yaşamayan, dostluğu bacaran insanam.
- Sevgi sizin üçün hansı anlamı kəsb edir?
- Həssas hisslərdi. İncə məqamlardı, müqəddəsdi. Sevgi o demək deyil ki, əks cinsə qarşı hiss etdiyin hisslər deyil. Valideynlərini də, Vətənini də insan sevir.
- Sizcə, nə üçün indi hər kəs müğənni olmağa can atır?
- Çünki kənardan bizim sənət çox işıltılı görünür. Amma əslində, bizim sənət bir mahnı oxudum, mahnı “tutdu” və mən ulduz oldum demək deyil. Bunun da enişi-yoxuşu, dərəsi-çuxuru var. Çox çətindi bu işi davam etmək. Davam etmək üçün isə iradə lazımdı.
- Avtomobillə, villalarla, bahalı geyimlərlə gündəmə gələnlərə necə münasibət bəsləyirsiniz?
- Mən sevmirəm. Nəyimsə varsa, mənə aiddir, vacibdirmi ki, mən onları insanlara göstərim. Əvvəllər məndə də olub ki, çəkilişlər evdə, ya avtomobildə olub. İndi başqa cür düşünürəm. Mənə maraqlı deyil ki, çıxım evimi, avtomobilimi göstərim. Bəzən zəng edirlər ki, Sevda xanım, filan tədbirə geydiyiniz geyimlərin ümumi məbləğini deyə bilərsinizmi? Təəccüblənirəm ki, bunu necə demək olar ki, koftanı bu qiymətə, "sumka"nı bu qiymətə aldım. İstəmirəm. Belə şeylərlə gündəmə gəlmək mənim üçün gülməlidi.
Böyütmək üçün şəkillərə klikləyin.
Комментариев нет:
Отправить комментарий